Rus generaldan ermənilərə mesaj: "Sərhədlərinizdə bizim sözümüz keçir..."

Rusiyanın FTX-nin Ermənistandakı Sərhəd İdarəsinin rəisi general-mayor Vyaçeslav Biryukov Ermənistana xəbərdarlıq edib. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, Biryukov qondarma "soyqırımın 100-cü ildönümü" ərəfəsində erməniləri hər hansı təxribata yol verməməyə çağırıb. General qeyd edib ki, əgər bu baş verərsə Ermənistandakı Rusiya sərhədçiləri lazımi addımları atacaq və bütün gücünü səfərbər edəcək. O, xüsusilə belə halların Türkiyə sərhədlərinin yaxınlığında baş verə biləcəyinə diqqət çəkib. Əlavə edib ki, Türkiyə sərhədçiləri də təxribatların qarşısını almaq məqsədilə müvafiq işlər görürlər. Biryukov bildirib ki, buna görə də ermənilər Rusiya sərhədçilərinin qoruduğu Türkiyə sərhədinə yaxın ərazilərdə belə addımlar atmağı ağıllarına belə gətirməsinlər. General sərhəd yaxınlığında hətta dinc aksiyaların - hər hansı yürüşün belə keçiriləcəyinin də qarşısının alınacağını bildirib. O ermənilərə eynən bu cür səslənib: "Hörmətli quberniya sakinləri, səs-küy salıb mitinq keçirmək istəyirsiniz? Buyurun, İrəvanda, Gümrüdə və quberniyanın digər yerlərində bunu edə bilərsiniz, ancaq Türkiyə sərhədinə yaxın ərazilərdə buna icazə verilməyəcək. Sizin "soyqırım"ınız ayrı məsələdir, xidmət ayrı məsələdir. Sərhəd bölgəsində onu qoruyanların sözü keçir, sizin yox" deyə Biryukov bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv