ABŞ-da daha bir qaradərili vətəndaş polis tərəfindən öldürülüb
ABŞ-ın Viskonsin ştatının Madison şəhərində polis 19 yaşlı qaradərili vətəndaşı öldürüb. APA TV-nin Rusiya mənbələrinə istinadən verdiyi xəbərə görə, vətəndaş polisə tabe olmayıb və bundan sonra onların arasında dava başlayıb. Madison şəhərinin Polis İdarəsindən bildirilib ki, bundan sonra polis silaha əl atmağa məcbur olub. Hadisənin baş verməsinə səbəb kimi şəhərin kvartallarından birindən polis idarəsinə şikayət daxil olması göstərilir. Şikayət edən sakin mənzillərdən birinə gənc bir şəxsin daxil olduğunu və səs-küy saldığını bildirib. Bundan sonra polis zabiti hadisə yerinə gəlib və verilən ünvandakı mənzilə daxil olub. Burada polis onun qarşısına çıxan həmin gəncin hücumuna məruz qalıb. "Həmin gənc zabitin üzərinə atılıb, vəziyyətin çıxılmaz olduğunu görən polis məcburən silaha əl atıb" deyə şəhər polis idarəsinin rəisi Mayk Koval bildirib. Gənc dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.