Nemtsovun qatilləri haqqında həbs-qətimkan tədbiri seçildi
Moskva məhkəməsi Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətlində şübhəli bilinən beş nəfər barəsində həbs-qətimkan tədbiri seçib. APA TV-nin məlumatına görə, hakimlər istintaq orqanının şübhəlilərin gizlənə, şahidləri hədələyə və dəlilləri məhv edə biləcəkləri ilə bağlı vəsatətini nəzərə alıblar. Şübhəlilərdən biri isə artıq ifadə verib. Tutulanların vəkilləri məhkəmənin qərarından şikayət etməyə hazırlaşırlar.
Boris Nemtsov fevralın 28-ə keçən gecə Moskvanın mərkəzində güllələnib. İstintaq bir neçə versiyanı, o cümlədən, sifarişli qətl ehtimalını nəzərdən keçirir.
Nemtsovun qətli ilə bağlı əvvəlcə Çeçenistan DİN-in "Sever" batalyonunda xidmət edən Zaur Dadayev, Moskvadakı hipermarketlərdən birində mühafizəçi işləyən Anzor Qubaşev və onun qardaşı tutulub. Zaur Dadayev məhkəmə qarşısında ifadə verib və haqqında həbs qərarının çıxarılmamasını xahiş edib. Şübhəlilərdən Anzor Qubaşev isə heç bir günahının olmadığını bildirib. Buna baxmayaraq, istintaq hesab edir ki, qətlin birbaşa icraçısı məhz Qubaşevdir.
Saxlanılanlar Moskva ətrafında həyət evində yaşayıblar. Məlumata görə, Qubaşev qardaşları ikimərtəbəli evi 10 ilə yaxındır kirayəyə götürüblər. İstintaq hesab edir ki, bu ev baza rolunu oynayıb, qətlin planı da orada cızılıb. Qətldən bir həftə əvvəl qardaşlar mülkü tələsik tərk ediblər, əşyalarını belə aparmayıblar.
Cinayətdə şübhəli bilinənlər həbs olunan beş nəfərlə bitmir. Martın 8-də Çeçenistanda xüsusi əməliyyat keçirilib. Boris Nemtsovun qətlinin iştirakçısı hesab edilən Beslan Şivanov yaşadığı evdə mühasirəyə alınıb. O, mühasirədə olduğunu gördükdə qumbara ilə özünü partladıb.