Göygöldə polis qəza törətdi, ata və oğul dünyasını dəyişdi


Gəncə-Toğana avtomobil yolunun 11-ci kilometrliyində ağır yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Aşıqlı kəndi yaxınlığında qeydə alınıb. “Niva” markalı avtomobillə “Toyota” markalı avtomobil toqquşması nəticəsində “Niva”nın sürücüsü, 36 yaşlı Xıdırov Anar Yusif oğlu hadisə yerində ölüb. Qəza yerinə gələn FHN-nin xilasediciləri meyiti deformasiyaya uğrayan avtomobildən çıxarıblar. Qəza zamanı “Niva”da olan sərnişin - sürücünün atası, 63 yaşlı Xıdırov Yusif Paşa oğlu ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.  
 
“Toyota”nın sürücüsü, Kəpəz rayon Polis İdarəsinin əməkdaşı, 46 yaşlı Fərhad İsmayılov və onun qardaşı 49 yaşlı Nuru İsmayılov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. 
 
“Toyota”nın sürücüsü polis əməkdaşı olduğundan  faktı Göygöl rayon Prokurorluğu araşdırır.
 

Müəllif | Apa.Tv
Apa.tv