“Fənərbaxça”- “Qalatasaray”: 1-0 (GENİŞ İCMAL)
Türkiyə Superliqasında mövsümün ən prinsipial oyunlarından biri keçirilib. APA TV-nin məlumatına görə, "Fənərbaxça" öz meydanında lider "Qalatasaray"ı qəbul edib. Öz meydanında 1999-cu ilin 22 dekabrından bəri "Qalatasaray"a məğlub olmayan "Fənərbaxça" ənənəni pozmayıb və qalib gələrək liderlə xal fərqini 1-ə endirib.
"Fənərbaxça"nın 5555 gündür məğlub olmadığı "Qalatasaray"la qarşılaşmasına hər iki komanda sürətli oyunla başladı. Oyunda ilk ciddi təhlükə "Qalatasaray"dan gəlib. 4-cü dəqiqədə Səlcuğun zərbəsindən sonra "Fənərbaxça"nın qapıçısı Volkan inanılmaz reaksiya göstərib və qola imkan verməyib:
11-ci dəqiqədə "Qalatasaray" növbəti qol vəziyyəti yaradıb. Burak Yılmaz topu qapıdan xeyli irəli çıxmış Volkan Dəmirəlin başı üzərindən aşırsa da, top qapının da üstündən keçib.
22-ci dəqiqədən sonra "Fənərbaxça" oyunda üstünlüyü ələ almağa başlayıb. Meydan sahibləri daha çox hücumda oynayıb, qonaqlar isə müdafiəyə üstünlük veriblər. İlk hissə qolsuz bərabərliklə bitib.
"Qalatasaray"ın heyətində ilk hissədə zədələnən Hakan Balta ikinci hissədə meydana çıxmayıb.
İkinci hissəyə "Fənərbaxça" daha fəal başlayıb. 54-cü dəqiqədə meydan sahibləri "Qalatasaray"ın qapısı önündə iki təhlükəli vəziyyət yaratdılar. Lakin qapıçı Fernando Muslera real qol təhlükəsində səhvsiz oynayıb.
"Fənərbaxça" 81-ci dəqiqədə fərqlənməyə nail olub. Kayt "Qalatasaray"ın müdafiəsinin səhvindən məharətlə yararlanıb.
Bundan 2 dəqiqə sonra Yasin Öztəkin hesabı bərabərləşdirməyə çox yaxınlaşsa da, son anda Volkan Dəmirəl komandasını qoldan xilas edə bilib.
Beləliklə, "Fənərbaxça" prinsipial qarşılaşmadan minimal hesablı qələbə ilə ayrılıb. "Qalatasaray" xal qazana bilməsə də, 51 xalla turnir cədvəlinin lideri olaraq qalır.