Türkiyə sərhədində neft emalı müəssisəsi bombalandı, 30 İŞİD terrorçusu öldü

İŞİD terrorçularına qarşı koalisiya qüvvələrinin hava hücumu davam edir. APA TV-nin məlumatına görə, qırıcılar bu dəfə İŞİD-in Türkiyə sərhədi yaxınlığında yerləşən maye yanacaq istehsal edən müəssisələrini bombalayıb. Suriyanın Türkiyə ilə sərhəd qəsəbəsi olan Telabyada hücum nəticəsində güclü partlayış baş verib. Bombardman nəticəsində yaranan alov Türkiyədən rahatlıqla görünüb. Türkiyənin sərhəd Akçaqala rayonunda partlayışın səsi qorxulu anlar yaşadıb. Əhali küçələrə tökülüb, insanların çoxu sərhəddən uzaqda olan qohumlarının evinə sığınıb.  Rayonda bəzi evlərin pəncərələri qırılıb. Türkiyə tərəfi sərhəddə təhlükəsizlik  tədbirlərini gücləndirib. YPG-nin isə Telabyadı əməliyyatla alaraq Resulayna koridor açmağı planlaşdırdığı bildirilir. Bombardman nəticəsində 30 terrorçunun öldüyü bildirilir. 

Müəllif | Apa.Tv
Apa.tv