Min bir dərdin dərmanı - YAŞIL ÇAY
"Çayın faydalı olması hamıya məlumdur. Bir stəkan isti çay qışın soyuğunda insanı isidir, xoş ətri yaxşı əhval-ruhiyyə və gümrahlıq verir. Yaşıl çay isə antioksidant və xərçəngə qarşı təsirə malikdir. Çay qanda xolesterinin səviyyəsini aşağı salır. Bu ətirli içkini qəbul etmək ürək-damar xəstəlikləri üçün profilaktikadır, belə ki, çayda olan faydalı maddələr damarları təmizləyir və elastikliyini artırır". Bu açıqlamanı APA TV-yə Tibb Universitetinin Tədris-Cərrahiyyə korpusunun həkim - qastroenteroloqu Natəvan Məmmədova deyib.
"Yaşıl çaydan rahatlıqla istifadə etmək olar. Həkim kimi bunu hamıya məsləhət görərdim. Özümdə gün ərzində yalnız iki fincan qara çay içirəm. Digər vaxtlarda isə yalnız yaşıl çaydan istifadəyə üstünlük verirəm. Yaşıl çayın heç bir zərəri yoxdur. Yaşıl çaya darçın əlavə olunarsa, bu, artıq çəkidən xilas olmağa kömək edər. Digər ot çaylarından isə istifadə edərkən ehtiyatlı olun, çünki bunların böyrək və qaraciyərə ziyanı var".
Natəvan Məmmədovanın sözlərinə görə, gündə bir neçə stəkan çay içən adamların immun sistemi daha aktiv olur. Bu içki xüsusilə mövsümi soyuqdəymələr zamanı faydalıdır. Bundan başqa çay pəhriz üçün əla vasitədir, çünki kalorisizdir. Çay vasitəsilə maddələr mübadiləsini yaxşılaşdırmaq olar. Mütəmadi yaşıl çay içməklə artıq kalori və çəkidən azad olmaq mümkündür. Natəvan Məmmədova çayın içən zaman şəkərdən və ağ undan hazırlanan şirniyyat məhsullarından uzaq durmağı tövsiyə edir.
"İnsan orqanizmi üçün 3 zərərli ərzaq var. Un, şəkər duz. Bacardıqca bu ərzaqları qida rasionundan çıxarmaq lazımdır. Çünki bunların mütəmadi qəbulu şəkər xəstəliyinə yol açır. Ağ undan hazırlanan məhsullardan və şəkərlərdən uzaq durmaq lazımdır. Kəpəkli çörək məhsullarından da qədərində istifadə etmək lazımdır".