Bu gün Yel çərşənbəsidir
İlaxırçərşənbələrdən üçüncüsü - Yel çərşənbəsidir.
Yel dünyanı dolaşır, suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir. Yel çərşəbəsinə el arasında “küləkli çərşənbə”, “külək oyadan çərşənbə”, “yelli çərşənbə” də deyirlər. Qədim etiqadlara əsasən, torpağın altında – “qara nəhrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq, özünü müxtəlif libaslarda göstərir.
Yel çərşənbəsində adətən hava təmizlənir. Gün ərzində küləyin bir neçə dəfə səmtini dəyişməsi onun özünü təmizlənməsi kimi qəbul edilir.
Folklorşünas Seyfəddin Rzasoy APA TV-yə deyib ki, bu 4 çərşənbənin dörd ünsürə bağlanması Novruzun adi bir xalq bayramı olmamasından, Türk xalqlarının birlik bayramı olmasından xəbər verir. İnanclara görə, yaz gəlir 4 dəfəyə bütün həyatı yenidən oyadır.
Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı inanclar, nəğmə, əfsanə, rəvayət, miflər var. Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət eləyərək Yel babanı çağırarlar. Yel baba səsi eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, dilək yerinə yetər. Bütün çərşənbələr kimi, bu gün də tonqal qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Axır çərşənbə üçün məxsusi hazırlıq görürlər. Ev eşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlarına təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş da bağlanır.
Bu çərşənbə ilə də bağlı deyimlər və xalq hikmətləri var. Məsələn, “Yel əsib, qoz tökülüb”, “Yelnən gələn, selnən gedər”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Külək kimi hərdən bir yana əsmə” və s.
İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Ona görə də bu müqəddəs axşamlarda əllərimizi ulu Tanrıya uzadıb dua edək, xalqımıza xoş gün diləyək. Çərşənbəniz mübarək