Babək prospektində 7 maşın toqquşdu: 2 yaralı
Bakının Nizami rayonunda 7 maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb. Qəza zamanı sürücü və sərnişin olmaqla iki nəfər də xəsarət alıb. Nasir Həsənovun idarə etdiyi "Subaru" markalı maşın təmir boksundan çıxarkən arxadan gələn "VAZ 21015" markalı avtomobillə toqquşub. İdarəetməni itirən sürücü maşını bir başqa "Subaru"ya, ardınca "Mercedes" markalı 3 avtomobilə və "VAZ 2107"ə çırpılıb. Qəza nəticəsində sürücülərdən Rəşad Kərimov və hələlik kimliyi məlum olmayan sərnişini xəsarət alıb. Hadisə yerində təcili yardım çağırılıb. Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.
Hadisə yerində Nizami rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Qəza ilə bağlı araşdırma aparılan zaman sürücülər arasında mübahisə yaranıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəza Nazir Həsənovun idarə etdiyi "Subaru" markalı maşını arxaya verən zaman baş verib. Bu zaman arxadan gələn "VAZ 21015" "Subaru"ya çırpılıb.
Qəza ilə bağlı yolda tıxac yarandığından hadisə yerinə Nizami Rayon Yol Polisi şöbəsinin əməkdaşları cəlb olunublar. Yararsız hala düşən avtomobillər evakuatorlar vasitəsi ilə cərimə meydançasına aparılıb. Daha sonra yolda nəqliyyatın hərəkəti əvvəlki vəziyyətinə qayıdıb.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.