Xoruz döyüşləri: "Heyratı", "Daş pipik", "Badam pipik" və "Yaponka" bir-birinə qarşı

Novruzun atributlarından sayılan və qədim adət-ənənələrdən olan xoruz döyüşləri hər il Göyçay rayonunda da keçirilir. Hətta rayonda döyüşkən cins xoruzların yetişdirilməsi işi ilə məşğul olan adamlar da var. APA TV-nin xəbərinə görə, xoruz döyüşü həvəskarı Samir Veysəlov bunun bir adət olduğunu deyir: "Bizim kəndimizdə xoruz döyüşü bir növ adətdir. Adət-ənənəyə görə, biz Novruz bayramında hər il xoruz döyüşü təşkil edirik. Eyni zamanda bu, bizim üçün bir maraqdır. Biz cavanlar çalışırıq ki, yaşlı nəsillərdən qalan ənənəni davam etdirək". 

 

Rayonun Ləkçıplaq kəndinə xoruz döyüşdürməyə toplaşan sakinlər deyirlər ki, onlar bu işlə 30 ildən artıqdır, məşğul olurlar. Sakinlərin sözlərinə görə, hazırda ölkəmizdə "Heyratı", "Daş pipik", "Badam pipik", "Yaponka" və başqa döyüşkən xoruz cinsləri bəslənilir. Bu cinslər isə əsasən, Türkiyə, Filippin, İndoneziya və Özbəkistandan gətirilir. Kənd sakini Nazim Kərimov xoruzları sadəcə satmaq məqsədilə saxlamadığını bildirib: "Alıcısı olanda saxlamaq sərf edir. Amma həvəssiz, sadəcə satmaq məqsədi ilə saxlayanda onları yaxşı yetişdirmək olmur. Məsələn biz pul xatirinə saxlamırıq. Həvəsimiz var, ona görə də onlara yaxşı baxırıq. Satmaq məqsədi ilə saxlayanlar xoruzları vaxtlı-vaxtında qidalandırmır". 

 

İşinin bilicisi olan bu adamlar xoruzlara ət, fındıq, kişmiş verirlər ki, enerjili və sağlam olsun. Xüsusi qaydada bəslənən bu xoruzları satışa da çıxarırlar. Kənd sakinlərinin sözlərinə görə, Keçmiş Sovet dövründə Azərbaycan xalqının milli bayramı olan Novruzun qeyd olunması qadağan edilmişdi. Hətta, sovet məmurları Novruzun atributlarından olan at yarışlarının, xoruz döyüşlərinin keçirilməsinə də icazə vermirdilər. Ancaq bütün bunlara baxmayaraq, onlar bu adət-ənənəni çox çətinliklə qoruyub bugünkü nəslə çatdırıblar: "Bu xoruzlar döyüşmək üçün saxlanılır. Onlar bir aylıq olanda özləri-özləri ilə döyüşür. Bu xüsusiyyət də sortundan irəli gəlir. Bu xoruzlar 5-6 aylıq olanda bir yerdə saxlamaq olmaz. Onlar bir-birini öldürə bilər".

 

Qeyd edək ki, döyüş meydanında yatan və döyüşdən qaçan xoruz uduzmuş sayılır. Bəzən döyüş zamanı xoruzlar bir-birinin gözünü çıxarır, qanını tökür: "Bu xoruzların döyüşü zamanı aşıq deyişməsində olduğu kimi uduzan xoruz qalib xoruzun yiyəsinə verilir. Bir növ mərc oyunudur".

 

Əgər döyüş 2 saat ərzində davam edərsə və qalib bilinməzsə, o zaman bərabərlik elan olunur. Yəni yarış başa çatır və xoruzların arasında sülh bağlanır. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov