Azərbaycan prezidenti və xanımı Bakı Atıcılıq Mərkəzinin açılışında

Martın 9-da Azərbaycan prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri paytaxtın Biləcəri qəsəbəsində Bakı Atıcılıq Mərkəzinin açılışında iştirak ediblər.

Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına Mərkəz haqqında məlumat verib. Bildirilib ki, Mərkəz idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün nəzərdə tutulub. Bakı Atıcılıq Mərkəzinin baş planına əsasən, ərazidə inşa edilən bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. Bu idman obyektinin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb. Binada müxtəlif funksional sahələr, o cümlədən kafe, VİP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silahsaxlama, həmçinin təchizat-xidmət otaqları, 55 yerlik 2 konfrans və mətbuat zalı, tibb məntəqəsi, fitnes zal var. Güllə atıcılığı sahəsində 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışlar keçiriləcək. On metrlik məsafəyə qapalı atış tirində 80 idmançının eyni vaxtda yarışmasına imkan verən atış xətti quraşdırılıb. İyirmi beş metrlik məsafəyə yarımqapalı atış tirində 50 idmançı eyni vaxtda yarışa bilər. Burada 346 oturacaq quraşdırılıb. Əlli metrlik məsafəyə yarımqapalı atış tirinin xətti isə eyni vaxtda 80 idmançıya bacarığını sınamağa imkan verir. Üç yüz metrlik məsafəyə yarımqapalı atış tirində də idmançıların yüksək səviyyədə yarışmaları üçün hərtərəfli imkanlar var. Burada eyni vaxtda 40 idmançı yarışa biləcək. Final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançı mübarizə aparacaq. Güllə atıcılığı binasında Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə uyğun olaraq qurulan zalların hər birində idmançılara, hakimlərə, məşqçilərə xidmət edəcək xüsusi otaqlar yaradılıb. Binanın ikinci mərtəbəsində atıcılıq zallarının nəzarət otaqları və baxış eyvanı, təlim-tədris, məşqçi, iclas otaqları və digər inzibati-texniki otaqlar yaradılıb.

 

Stend atıcılığı sahəsində idmanın dairəvi və səngər stend atıcılığı növü üzrə yarışlar və məşqlər keçiriləcək. Burada biri final yarışları üçün nəzərdə tutulmaqla 5 atış meydançası inşa edilib. Bu meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkətləri üçün inşa edilmiş 5 qüllədə isə 10 hədəftullayıcı avadanlıq var.

Mərkəzdə idmançıların və məşqçilərin, həmçinin qonaqların qalmaları üçün mehmanxana binası da inşa edilib. Dörd mərtəbə və terrasdan ibarət binada qonaqların istirahəti üçün yüksək şərait yaradılıb. Binada, həmçinin inzibati otaqlar da fəaliyyət göstərir.

 

Belə müasir idman kompleksinin istifadəyə verilməsi “Bakı-2015” ilk Avropa Oyunları zamanı bu idman növləri üzrə də yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradacaq. 

Müəllif | Apa.Tv
Apa.tv