OPEK rəhbəri açıqladı: “Neftin qiyməti sürətlə bahalaşa bilər”

”OPEK-in noyabrda qəbul etdiyi neft hasilatının səviyyəsini saxlamaq qərarı ABŞ-da şist neftinin hasilatına neqativ təsir göstərir. Bu səbəbdən bazarda xammal çatışmazlığı neftin qəfil bahalaşmasına səbəb ola bilər”. APA TV-nin məlumatına görə, bu fikirləri OPEK rəhbəri Abdulla əl-Bədri söyləyib. Kartel rəhbəri bildirib ki, neft sektoruna investisiya qoyuluşları təxirə salınır, xərclər azaldılır: “Əgər bazara çıxarılan neftin həcmi azalsa, qiymətlər yenidən bahalaşmağa başlayacaq”.

 

OPEK rəhbəri bildirib ki, hasilatı azaltmamaq qərarı konkret heç bir ölkənin, o cümlədən ABŞ-ın şist yanacağı sənayesinə qarşı yönəlməyib. Əl-Bədri bildirib ki, şist yanacağının hasilatı Səudiyyə Ərəbistanından neft çıxarılmasından dəfələrlə baha başa gəlir: “OPEK hasilatı əvvəlki səviyyədə saxlayanda, ABŞ-da şist yanacağı bazarı tənəzzülə uğradı. Birləşmiş Ştatların OPEK-ə üzv olmasına gəldikdə, onlar istəsələr, kartelə üzv ola bilərlər”.

 

OPEK toplantısında iştirakçı dövlətlər neftin ucuzlaşmasına rəğmən hasilatı əvvəlki səviyyədə saxlamaq niyyətlərini ifadə ediblər. Küveytin neft sənayesi naziri Əli Saleh əl-Ömər bildirib ki, neftin bir barelinin qiymətinin 20 dollardan aşağı düşməməsi OPEK üzvləri üçün bir şansdır.

 

Qeyd edək ki, hazırda dünya bazarında “Brent” markalı neftin bir bareli 58 dollardan satılır.

Müəllif | Apa.Tv
Apa.tv