Göyçayda gənc qonşuların qız davası: 1 ölü - YENİLƏNİB

Göyçay rayonunda gənclər arasında baş verən dava qanla nəticələnib. APA TV-nin xəbərinə görə, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Elşən Sədiyar oğlu qonşusu, 1987-ci il təvəllüdlü Əliyev Rahib Yaşar oğlunu bıçaqlayıb. Ürək, boğaz və qarın nahiyəsindən 9 bıçaq xəsarəti alan Rahib Əliyev hadisə yerində ölüb.  Məlumata görə, Elşən Məmmədovla Rahib Əliyevin mübahisəsi qızla bağlı olub. Gənclərin hər ikisi subay olub və onlar eyni qızı seviblər. Rahib Əliyevin ailə üzvləri APA TV-nin yerli bürosuna bildiriblər ki, Elşən Məmmədovun valideynləri 3 ay əvvəl kənd sakini olan qızın evinə elçi gediblər, lakin qızın valideynləri övladlarının Elşənlə ailə qurmasına razı olmayıblar. Qızın atası Elşən Məmmədova xəbərdarlıq edib və qızına yaxın durmamağı deyib. Bu günlərdə isə mərhum Rahib Əliyevin valideynləri həmin qıza elçi gediblər və onlar qızın, eləcə də valideynlərinin razılığını alıblar. Qızın barmağına üzük taxılıb. Novruz bayramında nişana hazırlaşan Əliyevlər ailəsinin bu arzusu gözündə qalıb. Mərhumun dayısı hadisənin necə baş verdiyini danışıb: "Bir bıçaq vurub, iki bıçaq vurub əl çəkməyib. O, heç kəsə sataşmayıb, qız istəyib. Buna verməyiblər, ona veriblər. Bir küçədə yaşayıb, bir yerdə böyüyüblər. Deyib, gəl gedək qızın qapısına, görək səni sevir, yoxsa məni? Yolda bıçaqlayıb".

 

Rahibi öz maşınında bıçaqlayan Elşən daha sonra avtomobilinin şinlərini də kəsib. Elşən Məmmədov tutularaq istintaqa təhvil verilib:  "Mənim qardaşım zülmlə qollarımda ölüb. Bir tək qardaşım var idi".
 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov