Milli Məclisdə "Reklam haqqında" qanun layihəsi müzakirə edilib
"Azərbaycanda sahibkarlarla, fermerlərlə bağlı TV verilişlərinə ehtiyac var. Çünki bu gün Azərbaycanda açıq, şəffaf sahibkarlıq mühiti var və sahibkarlıq fəaliyyəti ilə məşğul olanların insanlarla ünsiyyətinin yaxşılaşdırılması, yaxınlaşdırılması lazımdır”.
APA TV-nin məlumatına görə, bunu təklifi Milli Məclisin üzvü Rüfət Quliyev parlamentin İqtisadi siyasət komitəsinin martın 10-da keçirilən iclasında “Reklam haqqında” qanunun müzakirəsi zamanı səsləndirib: "Azərbaycanın hansı telekanalını açırsan, ancaq çal-çağır, şou-biznesdir. Biri deyir ər axtarıram, biri deyir onu axtarıram, biri deyir bunu axtarıram. Bir də görürsən ki, 70 yaşlı bir kişi gündə ən azı 28 dənə SMS göndərir. Hesab edirəm ki, bunlar yığışdırılmalıdır, bu cür verilişlərin sayı, vaxtı xeyli azaldılmalıdır”.
Müzakirələrə qatılan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli televiziya kanallarının bəzi hallarda dərman vasitələrini və özəl müəssisələrin göstərdiyi tibbi xidmətləri qanunsuz reklam etdiyini deyib. Anar Qədirli qeyd edib ki, dərman vasitələrinin və özəl müəssisələr tərəfindən göstərilən tibbi xidmətlərin reklamına Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən xüsusi komissiya icazə verir: "Dərman şirkəti və ya özəl tibbi klinika Səhiyyə Nazirliyinə müraciət edib reklam olunacaq dərman preperatının və yaxud hansısa xidmətin reklamının mətnini və videoçarxını təqdim edir və komissiya qanuna əsaslanaraq, müzakirələrdən sonra rəy verir. Təəssüf ki, televiziya kanalları bu qaydaya çox vaxt riayət etmir və reklam təqdim edəndən həmin rəyi tələb etmir. Biz Milli Televiziya və Radio Şurasına müraciət etmişik, onların da bu istiqamətdə dəstəyini almışıq və telekanallara müraciətlər olunub".
Onun sözlərinə görə, belə hallar Səhiyyə Nazirliyinin monitorinq qrupu tərəfindən aşkar edilərkən müdaxilə olunur və bunun qarşısı dərhal alınır. Dərman preparatlarının qiymətinin tənzimlənməsi məsələsinə gəldikdə isə Anar Qədirli bildirib ki, Səhiyyə Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə bu məsələyə dair qərar layihəsi hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə "Reklam haqqında" yeni qanun layihəsinin öz məzmunu və əhəmiyyəti baxımından ən mühüm və mütərəqqi qanunvericilik aktlarından biri olduğunu diqqətə çatdırıb: "Azərbaycan dilinin qorunması, xalqımızın milli-mənəvi dəyərlərinin yad-zərərli elementlərdən, ünsürlərdən tənzimlənməsi, ikili standartlardan uzaq saxlanması üçün belə bir qanunun qəbulu olduqca vacibdir. Xatırladım ki, parlamentdə birinci oxunuşun müzakirələrindən sonra da İşçi Qrupu tərəfindən qanun layihəsinin üzərində ciddi işlənilib, ciddi təkmilləşdirmələr aparılıb. Bura gələrkən də qanun layihəsi ilə bağlı növbəti təkliflər aldım. Onlar da Azərbaycanda reklam bazarı, reklam mühitinin yaxşılaşdırılmasına, onu tənzimləyəcək hüquqi bazanın təkmilləşdirilməsinə xidmət edən təkliflərdir”.
Sözügedən qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun rəhbəri Vahid Əhmədov deyib ki, qanun layihəsinə edilən dəyişikliyə görə, ölkədə ümumilikdə yayımlanan reklamların ən azı 8 faizinin sosial reklamlara ayrılması nəzərdə tutulub.
"Yəni, səhər saat 9-dan axşam saat 12-yə kimi sosial reklamların yayımı nəzərdə tutulub. Halbuki indiyə kimi sosial reklamlar daha çox gecələr verilirdi və bunun da elə bir müsbət təsiri olmurdu. Növbəti dəyişiklik idman-mərc oyunlarının yayımı ilə bağlıdır. Dəyişikliyə əsasən, idman-mərc oyunların vaxtı axşam saat 11-dən səhər saat 7-dək məhdudlaşdırılıb, yəni, bu verilişlər yalnız həmin vaxt yayımlana bilər”.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasının ikinci oxunuşuna tövsiyə olunub.