Xaçmazda TSEK-in yeni binası istifadəyə verilib

ƏƏSMN-nin Xaçmaz rayonu üzrə Tibbi-Sosial Ekspert  Komissiyasının yeni inzibati binası istifadəyə verilib. APA TV-nın məlumatına görə, açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov iştirak edib. O bildirib ki,  ƏƏSMN tərəfindən Xaçmaz rayonu üzrə 15 saylı TSEK də yeni iş şəraiti və müasir avadanlıqlarla təmin olunub. “Artıq ƏƏSMN-nin 38 region üzrə TSEK-lərindən 19-u müasir iş şəraitinə malikdir. Bu işlər sürətlə aparılır və yaxın vaxtlarda digər TSEK-lərin də müasir iş şəraiti ilə təminatı həyata keçiriləcək”. 
 
Görülən işlərdə əsas məqsəd vətəndaşların TSEK-lər tərəfindən  normal iş şəraitində qəbul edilməsi, onların keyfiyyətli xidmətlə təmin olunmasıdır. Tədbir iştirakçıları TSEK əməkdaşlarının fəaliyyəti, həmçinin vətəndaşlara tibbi-sosial ekspertiza xidmətinin göstərilməsi, əlillik müayinələrinin aparılması üçün yaradılmış şəraitlə tanış olublar. Komissiyanın əməkdaşlarına əhaliyə xidmətin yüksək səviyyədə və şəffaflıq prinsipləri əsasında təşkili,  əlilliyi olan şəxslərin reabilitasiya potensialının müəyyən olunması üçün nazirliyin bərpa-müalicə  mərkəzləri ilə əlaqəli fəaliyyətin gücləndirilməsi və s. barədə  tapşırıqlar verilib. 
 

Müəllif | Apa.Tv
Vəli Turan