Bakıda “Amerika günləri” festivalının açılışı olub
"Nizami” Kino Mərkəzində “Amerika günləri” festivalının açılışı olub. Festival ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib.
APA TV-nin məlumatına görə, “Amerika günləri” martın 10-dan 14-dək Bakıda, habelə Qəbələ, İsmayıllı, Sumqayıt, Quba, Şəki və Zaqatalada keçiriləcək. 2 nömrəli internat məktəbinin uşaq orkestrinin ifasında Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının dövlət himnləri səsləndirilib.
“Amerika günləri”nin açılışında çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta qeyd edib ki, “Amerika günləri” festivalı Azərbaycanda ilk dəfə keçirilir. O, əmin olduğunu bildirib ki, festival iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə kömək göstərəcək, azərbaycanlıların Amerikanı daha yaxından tanımasına imkan verəcək.
R.Sekuta festivalın keçirilməsinə kömək göstərdiyinə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.
Sonra konsert proqramı nümayiş etdirilib.
“Amerika günləri” çərçivəsində 5 gün müddətində bir sıra tədbirlər, o cümlədən müxtəlif müsabiqələr, təqdimatlar keçiriləcək, ABŞ-ın mədəni ənənələrinə və mətbəxinə həsr olunmuş sərgilər və yarmarkalar təşkil ediləcək.