Səfir ABŞ-ın azərbaycanlı girovların azad edilməsinin tərəfdarı olduğunu açıqlayıb
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılmaması ilə bağlı məsələyə münasibət bildirib. APA TV-nin məlumatına görə, səfir deyib ki, bu məsələ ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın regiona səfəri zamanı da gündəmə gətirilib:
“Xanım Nuland burada olarkən və sonradan Ermənistana getdikdə bəyanatlarında bildirib ki, keçmişdə mövcud olmuş çox yaxşı ənənələrin davamı olaraq, humanitar jest kimi onların azad edilməsi təqdirəlayiq hal olardı”.
Səfir Robert Sekuta onu da bildirib ki, ABŞ Azərbaycan hökuməti ilə demokratiya, insan haqları və vətəndaş cəmiyyəti ilə bağlı mütəmadi olaraq müzakirələr aparır. Onun sözlərinə görə, bu məsələlər ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Azərbaycana səfəri zamanı da müzakirə edilib.