Ötən ay dövlət sərhədini pozan 30 nəfər saxlanılıb
Ötən ay dövlət sərhədini pozan 30 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, sərhədi pozucuları Azərbaycan, Gürcüstan, Özbəkistan, Türkiyə, İran, Rusiya, Qırğızıstan və Moldova vətəndaşları olub. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 11 nəfər, Xəzər dənizində 10 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Axtarışda olan 218 nəfər aşkarlanaraq, aidiyyəti orqanlara təhvil verilib. Ay ərzində 16 halda 12 kiloqram 648,3 qram narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olan 1 cinayətkar dəstə zərərsizləşdirilib. Ümumi dəyəri təqribən 334 min manat olan qaçaqmalın, o cümlədən 2 ədəd tüfəng, 130 ədəd patron, 1 ədəd pnevmatik avtomat, 1 ədəd pnevmatik tapança, 4 ədəd daraq, 2 ədəd tank əleyhinə mina, 1 ədəd beşbarmaq-bıçaq, 1 ədəd bıçaq, 1810 ədəd pirotexniki vasitə, 780 qram qızıl zinət əşyası, 8926 qutu siqaret, 288 ədəd mobil telefon, 700000 rial İran valyutası, 25 baş xırda buynuzlu heyvan, 1 baş at, 55 ədəd müxtəlif ölçülü və markalı spirtli içki, 3100 metr tor, 2930 ədəd müxtəlif dərman preparatı, 423 ədəd kosmetik vasitə və digər istehlak mallarının sərhəddən qanunsuz keçirilməsinin qarşısı alınıb.