ABŞ səfiri: "Azərbaycanın yaşadığı acılar məni çox ağrıdır"

"Azərbaycanın yaşadığı hadisələr, xüsusi ilə Xocalı faciəsi kimi hadisələr məni çox ağrıdır. Bunları yaxından öyrənməliyəm".

 

APA TV-nin xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə görüşdə belə deyib. Səfir bildirib ki, Azərbaycanın məruz qaldığı hadisələr bir səfir kimi onun üçün çox önəmlidir.

 

Allahşükür Paşazadə bildirib ki, Amerika Birləşmiş Ştatları başda olmaqla dünya ictimaiyyəti Qarabağda mədəniyyət abidələrinin, qəbiristanlıqların, məscidlərin dağıdılmasına biganə qalmamalıdır.

 

Corctaun Universitetinin imamı İmam Yəhya Hendi isə bəyan edib ki, dünyada İslam adına ləkə vurmağa çalışanlar var. O əlavə edib ki, İŞİD, Taliban və Boko Haram kimi təşkilatlar heç vaxt İslam adından danışa bilməz. İslam terroru yox, sülhü təbliğ edir.

 

"Mən inanıram ki, Azərbaycanın da üzləşdiyi işğala son qoyulacaq və buradakı müsəlman qardaşlarımla o torpağa səfər edə biləcəyəm" - deyə o, əlavə edib.

 

Türkiyə baş nazirinin baş müşaviri Bəkir Karlığa ilə də görüşən Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər qardaşlıq nümunəsidir. O bildirib ki, Qarabağ məsələsində Türkiyə Azərbaycanın dərdinə şərikdir və bu, artıq ortaq problem sayılır.

 

B. Karlığa da iki ölkə arasında olan münasibətlərin qardaş münasibətlər olduğunu vurğulayaraq, Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsini xatırladıb. Onun sözlərinə görə, bu gün dünyanı təhdid edən müharibələr, terror aktları əsasən İslam ölkələrində baş verir və islam xadimləri buna qarşı bir olmalıdır.

 

Müəllif | Apa.Tv