Azərbaycan və Pakistan prezidentləri mətbuata bəyanatla çıxış ediblər
Azərbaycan prezidenti İlham Əliyev və Pakistan prezidenti Məmnun Hüseynin təkbətək görüşü olub. APA TV-nin məlumatına görə, görüşdə ölkələrimiz arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə söykənən ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik bildirilib, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Söhbət zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Görüşdən sonra Azərbaycanla Pakistan arasında sənədlərinin imzalanması mərasimi keçirilib. Sənədlər imzalandıqdan sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Pakistan prezidenti Məmnun Hüseyn bildirib ki, Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlər ortaq tarixə əsaslanır: “Cənab prezidentin qeyd etdiyi kimi, bu münasibətlər ortaq tarixə, dinə, mədəniyyətə, ənənələrə söykənir. Bizim xalqlarımız bir-birinə dərin rəğbət və etibar bəsləyir. Eyni zamanda, bir sıra regional və beynəlxalq məsələlərdə birgə baxışlarımız var. Biz regionlarımızın daha təhlükəsiz və əmin-amanlıq şəraitində olmasına töhfəmizi veririk".
Məmnun Hüseyn bildirib ki, son 10 ildə Azərbaycanın əldə etdiyi misli görünməmiş tərəqqi dünyada inkişafda olan bir çox ölkələr üçün nümunə ola bilər: “Biz Pakistanda Azərbaycanın inkişaf və tərəqqisini öz inkişafımız və tərəqqimiz kimi qəbul edirik. Bu gün imzalanmış birgə bəyannamə və digər sənədlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığımızı gücləndirəcək. Mən Dağlıq Qarabağdakı hazırkı vəziyyət və münaqişənin nizamlanması istiqamətində Azərbaycanın səyləri ilə bağlı məlumat aldım. Biz bu məsələnin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə tezliklə həll edilməsini dəstəkləyirik”.
Prezident İlham Əliyev Azərbaycan və Pakistan arasında siyasi əlaqələrin çox yüksək səviyyədə olduğunu deyib. Dövlət başçısı Pakistanın dünyada Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıyan ilk ölkədə olduğunu qeyd edib. Azərbaycan prezidenti bildirib ki, əsrlər boyu Azərbaycan və Pakistan xalqları sülh, əməkdaşlıq və dostluq şəraitində yaşayıblar. Dövlət başçısı iki ölkə arasında siyasi əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayıb: “Pakistan prezidentinin Azərbaycana rəsmi səfəri, elə indicə imzalanmış sənədlər bunu aydın şəkildə nümayiş etdirir. Biz bir-birimizi BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təsisatlarda dəstəkləyirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana davamlı dəstək göstərdiyi üçün Pakistana çox minnətdarıq. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları 20 ildən çoxdur ki, erməni işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb və bunun nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ərazimizin 20 faizi indi işğal altındadır. Ermənilər günahsız azərbaycanlı uşaqları, qadınları və yaşlıları yalnız etnik mənsubiyyətinə görə qətlə yetirərək Xocalı soyqırımını törədiblər. Çünki Pakistan dünyada Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıyan ilk ölkədir. Biz Pakistana çox minnətdarıq ki, bu ölkə torpaqlarımızın Ermənistan tərəfindən davam edən işğalı səbəbindən Ermənistanla heç bir diplomatik münasibət qurmayan az sayda ölkələrdən biridir. BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxmasını tələb edir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir. Azərbaycan öz növbəsində Pakistanı Cəmmu və Kəşmir məsələsində, onun BMT-nin müvafiq sənədlərinə uyğun olaraq, həllini hər zaman dəstəkləyir”.
Dövlət başçısı əməkdaşlığın mühüm hissəsinin humanitar sahəyə aid olduğunu qeyd edib.
Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın “Hilal-e-Pakistan” ordeni təqdim olunub. Pakistanın ali dövlət mükafatı olan ordeni Pakistan prezidenti Məmnun Hüseyn təqdim edib.