Türkiyədə Berkin Ervana görə ara yenidən qarışdı

Türkiyədə tələbələr 2013-cü ilin Gezi Parkı hadisələri zamanı polis zorakılığı nəticəsində qətlə yetirilmiş yeniyetmə Berkin Elvanın xatirəsinə aksiya keçirib. APA TV-nin məlumatına görə, bir qrup tələbənin hökumət əleyhinə keçirdiyi aksiya Gezi Parkında baş tutub. Tələbələr əllərinə götürdükləri qırmızı boyaları parkın pilləkənlərinə töküb, “Berkin buradadır” yazılı plakat qaldırıblar. Etirazçılar ucadan şüarlar səsləndirincə hadisə yerinə gələn polis plakatı tələbələrin əlindən almağa çalışıb. Tələbələrin müqavimət göstərməsi ilə tərəflər arasında qarşıdurma yaşanıb. Tələbələrdən bəziləri pilləkənlərdən yerə yıxılıb. Asayiş keşikçiləri ən az 8 nəfəri həbs ediblər. 

 

Çəkməköydəki aksiyada isə etirazçılar küçədə barrikada qurmağa çalışıblar. Bəzi aksiya iştirakçıları yaxınlıqdakı liseyə daxil olmağa cəhd edərkən, ara qarışıb. Hadisə yerinə gələn çevik polis qüvvələri aksiyaya müdaxilə etməli olub. Üzləri maskalı etirazçılar polisi daş atəşinə tutub. Polisin su şırnaqları və gözyaşardıcı qazla müdaxiləsindən sonra etirazçılar ərazidən uzaqlaşıb. Oxşar toqquşmalar paytaxt Ankarada da qeydə alınıb.
 

Müəllif | Apa.Tv
Apa.tv