FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Salyanda seminar-müşavirə keçirib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Salyanda regional seminar-müşavirə keçirib. Seminar-müşavirə “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi”nin səmərəli tətbiqinin təmin edilməsinə həsr olunub. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, tədbirdə Dövlət Agentliyinin əməkdaşları ilə yanaşı, Şirvan şəhəri, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Sabirabad, İmişli və Saatlı rayonlarının icra hakimiyyətlərinin məsul nümayəndələri də iştirak edib.
Seminar-müşavirədə “Şəhərsalma və Tikinti Məcəlləsi”-nin səmərəli tətbiqinin təmin edilməsi, məcəllənin tikintiyə icazə icraatı, tikinti layihələrinin ekspertizadan keçirilməsi, tikintidə dövlət nəzarətinin həyata keçirilməsi və şəhərsalma-tikinti fəaliyyətində yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqələrin formalaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Məcəllənin tətbiqi ilə əlaqədar müvafiq qanunvericilik aktlarının qəbul edilməsi fonunda yerli icra hakimiyyəti orqanları ilə birgə işin səmərəli təşkilinin zəruriliyi vurğulanıb, həmçinin yerli icra hakimiyyəti orqanlarına tikintidə dövlət nəzarətinin aparılması və tikinti obyektlərinin istismarına icazə qaydalarının tətbiqinə dair mühüm izahatlar verilib və sual doğuran məqamlara aydınlıq gətirilib.
Daha sonra tədbir iştirakçılar arasında qarşılıqlı müzakirələrlə davam etdirildi. Tədbirin əhəmiyyətindən danışan toplantı iştirakçıları bu yönümlü tədbirlərin davamlı təşkil olunmasının zəruri olduğunu bildiriblər.