Əli Həsənov: “Azərbaycandakı plüralizm mühiti dünyanın heç bir ölkəsindən geri qalmır”
“Biz Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi tədbirlər vasitəsilə ildə bir neçə dəfə jurnalistlərlə görüş keçiririk”.
APA TV-nin verdiyi məlumata görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2015-ci il Novruz Bayramı münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin açıqlanması ilə bağlı keçirilən mərasimdə Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib: "Biz belə tədbirlərdə medianın vəziyyəti, yaradıcılıq və digər sahələrdəki problemləri, medianın təşəbbüslərini müzakirə edirik. Azərbaycanda azad media mühiti, azad internet var. Hər bir jurnalist senzuraya məruz qalmadan materiallar, məlumatlar toplayır və ictimai müzakirəyə çıxarır. Yazısına görə təqib edilən jurnalist yoxdur. Təəssüf ki, müəyyən maraqlardan çıxış edən bəzi beynəlxalq təşkilatlar azad media mühitinin olmaması və digər bəhanələrlə müxtəlif beynəlxalq mətbuat orqanlarında çıxış edirlər. Bunlar hamısı uydurmadır. Azərbaycandakı plüralizm mühiti dünyanın heç bir ölkəsindən geri qalmır. Biz bu sahədə tək postsovet yox, aparıcı Qərb ölkələrinin media mühiti ilə yarışmağa hazırıq”.
Prezidentin köməkçisi vurğulayıb ki, əlbəttə, hər bir jurnalist bir millətin, bir xalqın nümayəndəsidir və təmsilçisidir: "Bu mənada cənab prezident dəfələrlə bəyan edib ki, Azərbaycan jurnalistikasından vətənpərvərlik nümunələri gözləyirik. Yalnız azərbaycanlı olaraq bizim xalqın nümayəndələri onu yaxşı təmsil edə bilər. Beynəlxalq aləmdə azərbaycançılığın bütün dəyərlərini siz təmsil etməyəndə, təbliğ etməyəndə o zaman kim təbliğ edə bilər? Əlbəttə, Azərbaycan jurnalisti nə qədər çalışsa da, fransız jurnalist kimi Fransa cəmiyyətini, Fransa dövlətini, onun xalqının milli-mənəvi dəyərlərini təqdim edə bilməz. O cümlədən, həmin fransız da azərbaycanlı jurnalist qədər Azərbaycan dəyərlərini, Azərbaycan xalqının nümunələrini dünyaya çatdıra bilməz. Bu mənada, əlbəttə, bizim Azərbaycan jurnalistikasından, jurnalistlərdən müəyyən umacaqlarımız da var. Bu umacaqlarımız da dediyim kimi, ilk növbədə vətənpərvərlik, obyektivlik, qərəzsizlik və bütün məsələlərdə dövlətin, millətin maraqlarını nəzərə almaq tələbidir".
Əli Həsənov bildirib ki, ictimai müzakirələr məhz qanunların müzakirəsinə mətbuat, siyasi partiya və ictimai təşkilatların nümayəndələrini dəvət etməklə, icra qurumları yanında ictimai qurumlar yaratmaqla və belə tədbirlər təşkil etməklə mümkün olur.