Bakıda ekzotik sərgi

Paytaxt Bakı Beynəlxalq sərgiyə ev sahibliyi edir. APA TV-nin xəbərinə görə, Bakı Expo mərkəzində keçirilən "Beynəlxalq Çiçəkçilik, Peyzaj və Yaşıl Şəhər" sərgisində dünyanın 12 ölkəsindən 150 şirkət qatılıb. Həmin şirkətlər 3 gün müddətində öz məhsullarını ziyarətçilərə nümayiş etdirəcək.

 

Sərginin koordinatoru Salim Şahin deyib ki, sərgidə təmsil olunan şirkətlər gülçülük, landşaft və şəhərsalma sahəsində öz təcrübələrini bölüşəcək, əməkdaşlıq üçün danışıqlar aparacaq.

 

Sərgiyə gələn ziyarətçilər burada uşaq meydançası üçün müxtəlif çeşiddə qurğular, eləcə də fərqli dizaynda yelləncəklər görə biləcəklər.


Sərginin "Xəyal adası" adlandırılan stendi isə həqiqətən xəyallar aləmindən xəbər verir. Burada quraşdırılan günəşdən daldalanmaq üçün taxta köşklər ziyarətçilərin diqqətini cəlb edən ən maraqlı eksponatdır.

 

Sərgiyə gələn ziyarətçilər burada sadəcə məhsullara baxıb keçməyəcəklər. Eyni zamanda burada sərgilənən məhsulları satın ala biləcəklər. Naringi kolunu üzərində meyvəsi ilə bərabər 35 manata, Avropadan gətirilən dekorativ ağacı isə nə az, nə çox 2 min manata əldə etmək mümkündür.

 

Müəllif | Apa.Tv