Gəncədə qeyri-adi xəstəliyə tutulan qadının gözündən şüşə tökülür

Gəncə sakini Türkan Həsənova qeyri-adi xəstəliyə düçar olub. APA TV-nin xəbərinə görə, qadının gözündən şüşə tökülür: “Gözümdə ağrılar olur, özümü hiss etmirəm. Gözümün üstünə gəlir. Görürəm, gözümü incidir, batır. O dəqiqə istəyirəm çıxardım".

 

İlk dəfə bu cür hadisə ilə 2 il əvvəl üzləşdiyini deyən Türkan Həsənovaya həkimlər o zaman ilkin yardım göstərib. Ancaq müalicənin nəticəsiz olduğunu görən ailə Bakıya üz tutub. Burada isə onun psixoloqa getməyi tövsiyə ediblər. Bundan da imtina edən ailə Ağstafa rayonunda həkimə müraciət edib. Bir həftə əvvəl isə Türkan Həsənova həmin hadisə ilə yenidən üzləşib və həkimə müraciət edib.

 

Həyat yoldaşı Kamran Məmmədov bunları deyir: " Yoldaşım dedi ki, gözü ağrayır. Əlimlə gözünə baxanda gördüm gözündən şüşə gəlir.  Həkim də təəccübləndi. Deyirlər, Bakıya aparaq".

 

Həkimlər belə bir hadisə ilə ilk dəfədir, rastlaşdıqlarını deyirlər. Həkim Tələt Nəbiyev xəstənin gözündən yad cisim düşdüyünü bildirib: "Xəstə gözündə yad cisim hissiyyatı ilə müraciət etdi. Danışdı ki, iki il ərzində sağ gözündə yad cisim əmələ gəlir. 3-4 dəqiqə ərzində proses gedir və gözündən düşür. Xahiş etdik ki, gözləsin, müşahidə edək. Bir saata yaxın idi. O dəqiqələrdə heç bir şikayət yox idi. Birdən dedi ki, başladı. Xəstəni mikroskopun qabağında oturdurub, müşahidə etdik. Gördük nəsə yad cisim görünür. Əvvəl cızıqları görünür. Sonra yavaş-yavaş böyüdü və yerə düşdü. Bakı ilə də danışmışıq. Belə bir hadisə ilə üzləşmədiyini deyiblər".

 

Türkan Həsənovanın müalicəsi gözündən çıxan hissəciyin tərkibi və nə cür yaranması müəyyənləşdiriləndən sonra təyin olunacaq.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli