Bakıda Azərbaycan və Pakistan prezidentlərinin iştirakı ilə Azərbaycan-Pakistan biznes forumu keçirilib

Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Pakistan prezidenti Məmnun Hüseynin iştirakı ilə Azərbaycan-Pakistan biznes forumu keçirilib. Azərbaycan prezidenti İlham Əliyev Məmnun Hüseynin ölkəmizə səfərini yüksək qiymətləndirib, bildirib ki, bu görüşlər ölkələrimiz arasında əlaqələrin inkişafı üçün geniş imkanlar yaradacaq. Dövlət başçısı bildirib ki, Pakistan bizim üçün ən yaxın dost və müttəfiq ölkələrdən biridir. "Gözəl siyasi münasibətlərimiz var. Beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik" - deyən prezident İlham Əliyev Pakistanla Azərbaycan arasında ticarət dövriyyəsinin qaneedici olmadığını deyib. Azərbaycan prezidenti biznes-forumun yaxşı nəticələr verəcəyinə əmin olduğunu bildirib. Prezident İlham Əliyev qarşılıqlı ticarət dövriyyəsinin artırılması, idxal və ixrac potensialını müzakirə etmək baxımından biznes forumun əhəmiyyətli olduğunu qeyd edib.

 

Birgə müəssisələrin yaradılmasının vacibliyini qeyd edən Azərbaycan prezidenti iki ölkənin bir-birini BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda dəstəklədiyini xatırladıb. Əlavə edib ki, ölkələrimiz iqtisadi əməkdaşlıq baxımından da bir-birini dəstəkləməlidir.

 

Prezident İlham Əliyev Azərbaycan və Pakistanın islam həmrəyliyini möhkəmləndirlməsi istiqamətində gördüyü işlərdən də danışıb: "Biz ikitərəfli iqtisadi əməkdaşlığımıza nikbin baxırıq. Azərbaycan iqtisadiyyatı və qeyri-neft sektoru sürətlə inkişaf edir".

 

Məmnun Hüseyn bildirib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Qonaq deyib ki, ölkəsi əczaçılıq, idman, müdafiə sənayesi, yüngül və qida sənayesi məhsullarını Azərbaycan bazarına çıxara bilər. Pakistan prezidenti ölkəmizin iqtisadiyyatının inkişafından məmnunla danışıb. O, müxtəlif sahələrdə birgə müəssisələrin yaradıla biləcəyinə də diqqət çəkib. Qonaq bildirib ki, ölkəsi Azərbaycan iş adamlarına hər cür şərait yaradacaq.

 

Sonra Azərbaycan Ticarət və Sənaye Palatası və Pakistan Sənaye və Ticarət Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb. 

Müəllif | Apa.Tv
Apa.tv