Prezident İlham Əliyev: “Azərbaycan təmas xəttində üstünlüyü tam təmin edib”
“Azərbaycan təmas xəttində üstünlüyü tam şəkildə təmin edib”.
APA TV-nin məlumatına görə, bunu prezident İlham Əliyev Bərdədə “ASAN xidmət” mərkəzinin açılışından sonra ictimaiyyət nümayəndələri ilə görüşündə bəyan edib. Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycanın ərazi bütövlüyü də bərpa ediləcək: "Daha da güclü olmalıyıq. Çünki bildiyiniz kimi, biz bu barədə dəfələrlə fikir mübadiləsi aparmışıq. Bütün beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini dəstəkləyir. Tarixi ədalət də bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi dəstəkləyir".
Prezident İlham Əliyev əlavə edib ki, Pakistan prezidentinin səfəri çərçivəsində imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməsi öz əksini tapıb. Martın əvvəllərində Bolqarıstanda qabul edilən strateji tərəfdaşlıq haqqında Bəyannamədə də eyni ifadələr əksini tapıb. Bunlar Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığıdır: "Yəni, əgər bu məsələ beynəlxalq hüquq çərçivəsində həll edilsə idi, çoxdan həll olunardı. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, qətnamələri icra etmir. Belə olan halda biz ancaq öz gücümüzə güvənməliyik və güvənirik. Ordu quruculuğu, güclü iqtisadiyyat, güclü siyasi mövqelərimiz hər gün bizim qələbəmizi yaxınlaşdırır. Son aylar ərzində Azərbaycan təmas xəttində üstünlüyü tam şəkildə təmin edibdir və bizim ordumuz, orduda xidmət edən gənclərimiz Vətəni ləyaqətlə qoruyurlar, düşmənə çox güclü zərbələr vururlar".
Prezident bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlib: "Cəmiyyətdə indi müşahidə olunan həmrəylik, səfərbərlik iqtisadi və hərbi gücümüz bizim qələbəmizi şərtləndirən amillərdən biridir. Biz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik. Mən buna əminəm və biz “ASAN xidmət”i Şuşada da yaradacağıq".