Qarabağda ilk “ASAN xidmət” mərkəzi açıldı

Azərbaycan prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Prezidentə məlumat verilib ki, Bərdə regional “ASAN xidmət” mərkəzinin binasının inşasına 2014-cü ilin aprel ayında başlanılıb və bu ilin mart ayında başa çatdırılıb. Dördmərtəbəli binanın tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib. Mərkəz rayonun Heydər Əliyev prospektində şəhər infrastruktur obyektlərinə yaxın ərazidə yerləşir. Həyətdə uşaq avtoşəhərciyi yaradılıb və burada balacaların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün bütün şərait var. Bundan əlavə, böyüklərin istirahəti və əylənmələri üçün də tələblər nəzərə alınıb.

 

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

 

Prezident İlham Əliyev yeni xidmətin işə başlamasını bildirən düyməni basıb.

 

Hazırda ölkəmizdə 7 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, digər 3-ü isə regional mərkəz olmaqla Sumqayıt, Gəncə və Sabirabaddadır. Bərdə “ASAN xidmət” mərkəzi sayca 8-ci mərkəzdir.

 

Prezident İlham Əliyev xidmətdə yaradılan şəraitlə tanış olarkən bildirilib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Bərdə də   daxildə  olmaqla Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarının 800 minə yaxın sakini yararlanacaq. Ümumilikdə fəaliyyətə başladığı tarixdən bu günədək  “ASAN xidmət”lərə 4 milyon 120 mindən çox müraciət daxil olub.

 

Dövlət başçısına “ASAN məktəb” layihəsi barədə də məlumat verilib. Bildirilib ki, layihə Təhsil Nazirliyi tərəfindən həyata  keçiriləcək. Layihə çərçivəsində ilkin mərhələdə məktəbə Bərdə rayonunda qəbul aparılacaq. Xatırladaq ki, digər mərkəzlərdə olduğu kimi, burada da internetə açıq olan kompyuterlər qoyulub və vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılıb. “ASAN xidmət” mərkəzində  vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər -bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə ilə təmin edilib.

Müəllif | Apa.Tv
Apa.tv