“Beşiktaş” hesabda irəli çıxdığı oyunda məğlub oldu
Türkiyənin Avropa kuboklarındakı yeganə təmsilçisi "Beşiktaş" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununa çıxıb. İstanbul klubu Brüsseldə yerli "Brügge" ilə qarşılaşıb. "Beşiktaş" 0:1 hesabı ilə önə çıxdığı oyunu məğlub kimi tərk edib.
Qarşılaşmanın ilk hissəsi qarşılıqlı hücumlarla keçib. Lakin komandalardan heç biri fərqlənə bilməyib.
"Beşiktaş" ikinci hissəyə qolla başlayıb. Gökhan Törə komandasını hesabda irəli çıxarıb.
Səfərdə vurulan qoldan sonra "Beşiktaş"ın daha inamlı oyun keçirəcəyi gözlənilsə də, "Brügge" oyunçu dəyişikliyi ilə təşəbbüsü ələ almağı bacarıb. 62-ci dəqiqədə De Sutter Belçika klubunun bərabərlik qolunu vurub. Meydan sahibləri məğlub duruma düşdükləri oyunda hesabda irəli də çıxıblar. 79-cu dəqiqədə "Beşiktaş"ın qapısına penalti təyin edilib və Lior Rafaelov bu fürsətdən məharətlə istifadə edib.
"Beşiktaş" 1:2 hesabı ilə məğlub olsa da, səfərdə vurulan qol Türkiyə klubu üçün üstünlük sayıla bilər. APA TV-nin xəbərinə görə, cavab oyunu martın 19-da İstanbulda keçiriləcək.