Ziyafət Əsgərov: "Dilqəm Əsgərov və Şahbaz Quliyev əvvəl-axır azad olunacaqlar"
"Ermənistanın təxribat qruplarının Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə hücum cəhdlərinin iki səbəbi var. İlk səbəb Ermənistanın həqiqətən çökməkdə olması ilə bağlıdır".
Bunu APA TV-yə Mili Məclis sədrinin müavini, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov deyib. Ziyafət Əsgərov hesab edir ki, Ermənistanda olan cinayətkar-kriminal rəhbərlik xalqın diqqətini yayındırmaq üçün belə təxribatlara əl atır: "İkincisi, həqiqətən Azərbaycanın artan nüfuzundan, siyasi imicindən və ordusundan qorxurlar. Artıq onlar hiss etməyə başlayıblar ki, Azərbaycan sözün həqiqi mənasında real olaraq nə deməkdir. Ona görə də belə təxribatlara əl atırlar. Lakin təxribatlara çox gözəl cavablar verilir, gələcəkdə də belə olacaq. Azərbaycan ordusu çox qüdrətlidir, inşaallah, ordumuzun qələbəsini də görəcəyik".
Girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı qurulan “məhkəmə”nin şou olduğunu deyən sədr müavini inanır ki, onlar əvvəl-axır azad olunacaqlar. "Çünki son vaxtlar Azərbaycanın məsələnin mahiyyətinin açıqlanması ilə bağlı apardığı uğurlu təbliğat sayəsində nəticələr əldə olunmaqdadır. Artıq xarici dövlətlərdə də başa düşür ki, bu, qurama, qondarma bir məhkəmə prosesidir. Rəsmən tanınmayan qondarma qurumun apardığı məhkəmə qanuni sayıla bilməz, bu, tamamilə mənasız bir prosesdir" - deyə Ziyafət Əsgərov əlavə edib.