I vitse-spiker: “Avropa Oyunlarını boykota etməyə çağıranlara yazığım gəlir"
“Elə zəmanədə yaşayırıq ki, dünyada gedən proseslərlə bağlı siyasi və iqtisadi baxımdan müəyyən çağırışlar var”.
Bunu APA TV-yə Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov bildirib: “Ola bilər ki, gələcəkdə bu çağırışların sayı artsın. Çünki bu gün dünyada iqtisadi cəhətdən tənəzzülə uğrayan dövlətlər var. Hətta Avropa İttifaqının özünün tərkibində iqtisadi tənəzzülə uğrayan dövlətlər mövcuddur. Digər tərəfdən, bir çox yerdə müharibə gedir, bir çox yerdə dövlətlərin özlərinin daxilində təlatümlər var. Azərbaycan da dünya birliyinin üzvüdür və ətrafımızda nə baş verdiyini də başa düşür. Sözsüz ki, öz işimizi də görürük. Çalışırıq ki, Azərbaycan belə çağırışlara həmişə hazır olsun”.
Ziyafət Əsgərov bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının I Avropa Oyunlarını boykot etməyə yönəlik çağırışlarına da toxunub. O, boykot çağırışı edənlərə yazığının gəldiyini vurğulayıb: “Çünki boykot çağırışlarının, qarayaxmaların, guya Azərbaycanı gözdən salmağa yönəlmiş çağırışların dövrü artıq keçib. Bakıda keçirilən “Eurovision” Mahnı Müsabiqəsi ərəfəsində də həmin qurumlar, insanlar belə gedişlər ediblər. Nəticəsi nə oldu? Heç bir nəticə olmadı, ola da bilməz. Çünki görünən dağa nə bələdçi? Ortada iş, inkişaf, Azərbaycanın həm siyasi, həm humanitar göstəriciləri, xalqımızın həyat şəraiti və xalqla iqtidarın birliyi var. Belə olan halda bəzi beynəlxalq qeyri-hökumət təşkilatları, bəzi dövlətlərdəki müəyyən qruplar və sapı özümüzdən olan baltalar bu mənasız işə baş qoşublar".
Milli Məclisin I vitse-spikeri əminliklə bildirib ki, "Eurovision" Mahnı Müsabiqəsində olduğu kimi, Azərbaycanın uğurlu daxili və xarici siyasətinə kölgə salmaq istəyən qüvvələrin budəfəki cəhdlər də iflasa məhkumdur.