Kazanda ticarət mərkəzində ölən azərbaycanlıların sayı 3-ə çatdı
Kazanda “Admiral” ticarət mərkəzində baş verən yanğın zamanı 3 azərbaycanlı ölüb. Bunu APA TV-nin Moskva müxbirinə Ümumrusiya Azərbaycan Konqresinin Tatarıstan Respublikası üzrə Regional bölməsinin sədri Ziyafət Qasımov deyib. Onların şəxsiyyətinin hələlik məlum olmadığını deyən Ziyafət Qasımovun sözlərinə görə, ölənlərdən ikisinin Gürcüstan əsilli azərbaycanlılar - ər-arvad olduğu açıqlanıb. Digər şəxs isə Azərbaycan vətəndaşı, Gədəbəy rayon sakini olan 17 yaşlı oğlandır. Onun Kazanda çalışan atasının yanına getdiyi bildirilir. Yanğın zamanı ata ticarət mərkəzindən çıxa bilsə də, oğlu orada yanaraq ölüb. Ziyafət Qasımov onu da deyib ki, dağıntılar altında 25 nəfərin qaldığı güman olunur.