Səlim Müslümov Sabirabadda qəbul keçirib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sabirabad rayonunda 4 bölgənin sakinlərini qəbul edib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, Sabirabad, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinlərinin iştirak etdiyi qəbul zamanı vətəndaşların müraciətləri əsasən dövlət hesabına mənzil və minik avtomobili, əlil arabası ilə təmin olunma, əlilliyi olan şəxslərin bərpa-müalicəsinə köməklik göstərilməsi məsələləri ilə bağlı olub. Digər müraciətlərdə məşğulluq, əmək hüquqlarının təminatı, peşə reabilitasiyasına cəlb olunma və digər məsələlər əksini tapıb. Nazir müraciətlərin obyektiv şəkildə araşdırılaraq cavablandırılması barədə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlarını verib.
“Hazırda sakinlərini qəbul etdiyimiz Sabirabad rayonunda müharibə əlilləri və şəhid ailələri üçün 10 ədəd, Saatlı rayonunda 9 ədəd, Hacıqabul rayonunda 5 ədəd, Şirvan şəhərində isə 7 ədəd fərdi ev tikilir və cari ilin sonunadək bu 4 rayon və şəhərdə əlavə olaraq yeni fərdi evlərin də tikintisi nəzərdə tutulur”.
Qəbul zamanı bir sıra müraciətlərdə qaldırılan məsələlər yerində həllini tapıb, o cümlədən ayrı-ayrı şəxslərin məşğulluğunun təminatına köməkliklər göstərilib və onlara münasib iş yerlərinə göndərişlər verilib.