Binədə narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib
Bu gün Xəzər rayonunun Binə qəsəbəsində "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə" mövzusunda tədbir keçirilib. Tədbirdə Xəzər Rayon Polis İdarəsinin rəisi Azər Muradov, rəis müavini İsmayıl Qasımov, Rayin İcra Hakimiyyətinin məsul şəxsləri iştrak ediblər. Azər Muradov çıxış edərək bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu deyib. Polis rəisi ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ciddi tədbirlər görüldüyünü bildirib: "Əgər 9 milyonluq xalqın arasında 9 min belə narkoman varsa, həyəcan tədbiri çalınmalıdır. Burdan gedəndən sonra öz sinif yoldaşlarınıza, tanışlarınıza başa salın ki , narkotikə əl vurmaq, əkmək, becərmək, istifadə etmək olmaz və bu, cinayətdir".
İdarənin rəis müavini İsmayıl Qasımov və digər şəxslər isə yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı mübarizə üzrə təbliğat işlərinin aparılmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyətin düşdüyünü vurğulayıblar.
Tədbirin sonunda bu bəlaya düçar olanlar barəsində süjet təqdim olunub, şagirdləri maraqlandıran mövzular barədə fikir mübadiləsi aparılıb.