AMİP parlament seçkilərində iştirak qərarı verib

“AMİP parlament seçkilərində iştirak edən siyasi partiyalarla əməkdaşlıq memorandumu imzalayacaq . Partiya bu il keçiriləcək parlament seçkilərində iştirak haqqında artıq qərar verib. Seçkilərdə iştirak formasına gəldikdə isə, böyük ehtimalla, tək qatılacağıq”. APA TV-nin məlumatına görə, bu fikirləri AMİP-in təşkilatçılığı ilə “Azərbaycanda siyasi partiyalar: mövcud durum və perspektivlər” mövzusunda keçirilən dəyirmi masada partiyanın sədri Yusif Bağırzadə deyib. AMİP sədri mövzunun aktuallığını vurğulayaraq bildirib ki, hazırda Azərbaycanda siyasi partiyaların aktivliyi  azalıb.
 
"Bunun obyektiv və subyektiv səbəbləri var. Bura bir tərəfdən siyasi partiyaların maddi-texniki bazasının olmaması, cəmiyyətdə siyasi partiyalara inamın az olması, hakimiyyətlə siyasi partiyalar arasında münasibətlərin normal olmaması, proporsional seçki sisteminin ləğv olunması və digər səbəblər daxildir. Doğrudan da cəmiyyətin həyatında siyasi partiyaların rolu azaldıqca, radikal qüvvələrin təsiri artır”.
 
Yusif Bağırzadə son vaxtlar baş tutan iqtidar-müxalifət görüşünün siyasi partiyaların vəziyyətinin dəyişməsində əhəmiyyətini də vurğulayıb.
 
AMİP-in baş katibi Arzuxan Əlizadə deyib ki, ölkədə normal siyasi münasibətlərin olması üçün siyasi partiyalar fəallaşmalıdır. Dəyirmi masada çıxış edən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qeyd edib ki, siyasi partiyaların aktivləşməsi demokratik dəyişikliklər və demokratik islahatlar yolu ilə baş tuta bilər. Digər çıxışçılar siyasi partiyaların aktivləşməsi üçün proporsional seçki sistemini bərpa etməyin əhəmiyyətinə diqqət çəkiblər. 
 
Tədbir müzakirələrlə davam etdirilib.

Müəllif | Apa.Tv
Apa.tv