Millət vəkili: "İntizamsızın nazı ilə nə qədər oynamaq olar?"

“Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin iclasında ikinci oxunuşda müzakirə edilib.

 

APA TV-nin məlumatına görə, iclasda çıxış edən komitə sədri Arif Rəhimzadə bir müddət əvvəl Azərbaycanda bir çox kateqoriyalara malik olan işçilərin hər biri ilə bağlı qanunun qəbul edilməsinə dair təkliflərin səsləndirildiyini bildirib:  “Artıq dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı qanun qəbul edilib. Belə getsə, digər kateqoriyalarla da bağlı qanun qəbul etmək lazım olacaq. Bələdiyyə orqanlarının Azərbaycanın bütün əhalisini əhatə edən özünüidarə qurumudur. Bu təşkilat dövlət qulluğundan sonra idarəetmə sistemində ikinci qurumdur. Eyni zamanda, bir çox kateqoriya işçilərinin etik davranış qaydaları əmr, sərəncam şəklində təsbit olunub”.

 

Arif Rəhimzadə qeyd edib ki, təqdim olunan qanun birinci oxunuşda qəbul edildikdən sonra sənəddə bir neçə kiçik redaktə xarakterli təkliflər yaranıb.  Qanun layihəsində ediləcək texniki dəyişikliklərə millət vəkili Fəzail İbrahimli münasibət bildirib: "Etik davranışı və peşəkar fəaliyyətinə inam artırılmalı və möhkəmləndirilməlidir.  Mən sizi yormaq istəmirəm. Qırmızı xətlə də bunları düzəltmişəm. Qanun al qanın içindədir. Sırf redaktə olunmadan bunun təsdiq edilməsinə imkan vermək olmaz. Çünki bələdiyyələr bu qanunun qarşısında özləri aciz qalacaq. Burda ümumi şablon ifadələr yer alıb.  Burda intizam məsuliyyəti növləri var. İntizamsızın nazı ilə nə qədər oynamaq olar?  Bir dəfə? Bir dəfə töhmət veriləcək sonra gedib təzədən gələcək. Töhmətdən sonra sonuncu xəbərdarlıq. Burda yeyib dağıdıb, indi də bunu göndərək başqa vəzifəyə. Burda iki maddə olmalıdır. Töhmət, xəbərdarlıq və bələdiyyə qulluğundan azad etmək".

 

Layihənin 15-ci maddəsinin ikinci bəndində nəzərdə tutulub ki, “Bələdiyyə qulluqçusu yerli özünüidarə orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir. Bundan sonra “yerli özünüidarə orqanı” deyil, “yerli özünüidarə orqanları üçün müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir” kimi yazılacaq.

 

İkinci düzəliş 17-ci maddəyə edilib. Bu da işçi qaydasında razılaşdırılıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı