Azərbaycanda sərhədlərin mühafizə işində yüksək texnologiyalar tətbiq ediləcək

Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında DSX rəisi general-polkovnik Elçin Quliyev ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov  dövlət sərhədlərinin mühafizəsində yüksək texnologiyaların səmərəli tətbiqi imkanlarını geniş müzakirə ediblər. Tərəflər arasında bu sahədə gələcək əməkdaşlıq münasibətlərini müəyyən edən qarşılıqlı anlaşma memorandumu imzalanıb.

 

APA TV-nin DSX-nın saytına istinadən verdiyi məlumata görə, memoranduma əsasən ölkə hüdudlarının monitorinqində, həmçinin dövlət sərhəd xəttinin delimitasiyası və demarkasiyası tədbirlərində yüksək rabitə texnologiyalardan, o cümlədən “Azersky” peykinin imkanlarından geniş istifadə ediləcək.

 

Memorandum çərçivəsində DSX Akademiyasının “Uçuş mühəndisliyi” ixtisası üzrə təhsil alan kursantlarının rabitə və yüksək texnologiyalar sahəsində təcrübə keçməsinin təşkili də nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv