Oğuzda “Su və dayanaqlı inkişaf” mövzusunda konfrans keçirilib

Oğuzda “Su və dayanaqlı inkişaf” mövzusunda konfrans keçirilib. APA TV-nin  məlumatına görə,  BMT-nin İnkişaf  Proqramı və Fövqəladə Hallar Nazirliyinin “Böyük Qafqaz Regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” adlı birgə layihəsi çərçivəsində keçirilən konfransda  BMT-nin və aidiyyəti dövlət qurumlarının yüksək rütbəli nümayəndələrin iştirak edib. Tədbiri açıq elan edən BMTİP-in Strateji Əməkdaşlıq üzrə Müşaviri Məzahir Əfəndiyev təmsil etdiyi təşkilatın Azərbaycanda su ehtiyatlarının mühafizəsi, su və daşqınların idarəedilməsi mexanizmlərinin işlənib hazırlanmasına boyük rola malik olduğunu vurğulayıb. Su və Dayanıqlı İnkişaf mövzularını əhatə edən konfransın Ümumdünya Su Günü ərəfəsində keçirilməsini yüksək qiymətləndirən BMT-nin Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi Antonius Brukun su ehtiyatlarının qorunması və səmərəli istifadəsinin BMT-nin gələcək Post-2015 İnkişaf Gündəliyində əsas məqsədlərdən biri olacağını bildirib. Azərbaycanda içməli su ehtiyatlarının səmərəli istifadəsinin vacibliyini qeyd edən Dövlət Su Ehtiyatları Agentliyinin rəisi Baba Azakov hökumətin bu məsələni dərk etdiyini və lazımi tədbirlərin bundan sonra da görüləcəyini vurğuladı. Tədbirdə “Sel və Daşqınların İdarə edilməsi” layihəsinin heyəti, əsas tərəfdaş təşkilatların nümayəndələri, beynəlxalq və yerli ekspertlər, rayon İcra Hakimiyyəti nümayəndələri, qeyri- hökumət təşkilatlarının nümayəndələri iştirak etdi. İştirakçılar, həmçinin Ümumdünya Su Gününün cari mövzusunu, beynəlxalq ictimaiyyətin BMT-nin yeni Post-2015 inkişaf gündəliyində suyun rolunu anlaması haqqında məlumatlar əldə edib.

Müəllif | Apa.Tv
Vüqar Heydərov