FHN-in Akademiyasında beynəlxalq videokonfrans keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Nəqliyyatda fövqəladə halların xəbərdar ediməsi və nəticələrinin aradan qaldırılması” mövzusunda beynəlxalq videokonfrans keçirilib. Videokonfransda Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə yanaşı, Qazaxıstan Daxili İşlər Nazirliyi Fövqəladə Hallar Komitəsinin Kokşetau Texniki İnstitutunun və Belarus Fövqəladə Hallar Nazirliyinin İxtisasartırma və Yenidənhazırlama İnstitutu, Komanda-Mühəndislər İnstitutu və Rusiya Volqa Su Nəqliyyatı Akademiyasının Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunun mütəxəssisləri iştirak edib. 

Akademiyanın rəisi general-mayor Pənah Süleymanov deyib ki, ən son texnologiyaların tətbiqi ilə reallaşdırılan bu ilk videokonfrans eyni zamanda, əməkdaşlığın daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.    

Kokşetau Texniki İnstitutunun rəisi Sırım Şaripxanov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə keçirilən bu videokonfransda müzakirəyə çıxarılmış mövzunun əhəmiyyətindən bəhs edib.

Videokonfrans vasitəsilə keçirilən seminarda Komanda-Mühəndislər İnstitutunun nümayəndəsi Sergey Botian, Kokşetau Texniki İnstitutunun şöbə rəisi Arman Kusainov, Azərbaycan FHN-in Akademiyasının fakültə rəisləri Elçin Mahmudov və İlqar Dadaşov, Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunun idarə rəisi Maksim Bodnya və digər natiqlər nəqliyyatın müxtəlif sahələrində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məsələləri ilə bağlı məruzələrlə çıxış ediblər.

Çıxışlarda, həmçinin, Azərbaycan, Qazaxıstan, Rusiya və Belarusun uyğun qurumları arasında səmimi əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün bu tip tədbirlərin əhəmiyyəti də vurğulanıb. 

Sonda seminarın yekunları ilə bağlı müzakirələr aparılıb, videokonfransların bundan sonra da davam etdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Müəllif | Apa.Tv
Apa.tv