Gəncədə “Ordu və xalq birdir” marafonunun açılışı olub

Gəncədə Azərbaycan Müdafiə Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ordu və xalq birdir” devizi altında təntənəli mərasim keçirilib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, Şəmkir hərbi birləşməsinin komandiri, Milli Qəhrəman general-leytenant Rövşən Əkbərov, sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirdə əvvəlcə Böyük vətən müharibəsində iştirak edənlərin xatirəsinə ucaldılan abidə önündə Gəncədən olan müharibə veteranları ilə görüş keçirilib və Gəncə Dövlət Dram Teatrın aktyorlarının hazırladığı kompozisiyaya baxılıb.

 

Sonra tədbir Heydər Əliyev park kompleksinin girişində yerləşən Zəfər tağı önündə davam etdirilib. İştirakçılar Azərbaycanın hərb tarixində qəhrəmanlıq göstərən şəxslərin şəkillərinin əks olunduğu sərgi ilə tanış olublar. Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək son illər Azərbaycanda ordu quruculuğu və Böyük vətən müharibəsi veteranlarına göstərilən qayğıdan danışıb.

 

Bədii-təşviqat marafonunun məşəlini tədbirə Müdafiə Nazirliyinin zabiti, mayor Ramil Səfərov gətirib.

 

Daha sonra xüsusi təyinatlı əsgərlər döyüş bacarıqlarını nümayiş etdiriblər.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli