Cəmil Əliyev: "Onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayı artsa da, xəstələrin ömrünü uzada bilirik"

“Çox təəssüf ki, bütün dünyada onkoloji xəstəliklərdən əziyyət çəkən insanların sayında artım var. Bu artım Azərbaycanda da müşahidə olunur”.

 

APA TV-nin xəbərinə görə, bunu Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev deyib: "Onkoloji xəstəliklərdən əziyyət çəkənlərin sayında artım olmasına baxmayaraq, bəzi xəstəliklər tamamilə müalicə olunur. Biz tətbiq etdiyimiz müalicə üsulları ilə xəstələrimizin ömrünü çox uzun müddətə uzada bilirik. Bəzi onkoloji xəstəliklər tərəfimizdən tamamilə müalicə olunur".

 

Milli Onkologiya Mərkəzinin baş direktoru uşaqlar arasında da onkoloji xəstəliklərin sayında artım müşahidə olunduğunu qeyd edib.

 

Martın 14-də Bakıda onkologiyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq elmi konfrans başlayıb. Azərbaycan Milli Onkologiya Mərkəzinin və ABŞ-ın MD Anderson Xərçəng Mərkəzinin təşkil etdiyi konfransın keçirilməsində əsas məqsəd dünyanın nüfuzlu, aparıcı mərkəzləri arasında beynəlxalq koordinasiya mexanizminin işlənib hazırlanması, ayrı-ayrı sahələr üzrə dünya şöhrətli alimlər, tədqiqatçılar və həkimlərlə əlaqələrin qurulması, bir-biri ilə sıx bağlı olan elm, tibb və səhiyyə sahələrinin ən son nailiyyətlərinin elmi müzakirəsini reallaşdırmaq üçün imkan yaratmaqdır.

 

Müəllif | Apa.Tv