Sərxoş və sənədsiz maşın sürən, avtobusla qəza törədən sürücülər saxlandı - REYD

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində avtoxuliqanlıq, sərxoş halda, sənədsiz nəqliyyat vasitələrini idarə edən şəxsləri saxlayıb. Saxlanılan şəxslərdən 3-ü  avtoxuliqan, 5-i sərxoş halda, 4-ü isə sənədi olmadan avtomobil idarə edib.

 

31 Yaşlı  Əflatun Nuriyev avtoxuliqanlıq üstündə tutulub. Yol polisi onu Qaradağ rayonu Lökbatan qəsəbəsində minik avtomobili ilə təhlükəli manevrlər etdiyinə görə təqib edib və saxlayıb.  Araşdırma zamanı məlum olub ki, onun sürücülük vəsiqəsi yoxdur: "Mən avtoxuliqan deyiləm, sadəcə əmrə tabe olmamışam, maşını saxlamamışam".

 

APA TV-nin xəbərinə görə, Ucar rayon sakini Aqil Qurbanov isə 142 saylı xətt avtobusunun sürücüsü olub. Axşam saatlarında qəza törədəndən sonra hadisə yerindən qaçıb.

 

Saxlanılan şəxslər məhkəmənin qərarı ilə  1 il müddətinə  avtomobili idarə etmək hüququndan məhrum ediliblər. Bundan başqa, törətdikləri əmələ görə 5 gündən 1 ay müddətinə qədər  azadlıqdan məhrum ediləcəklər.  

 

Müəllif | Apa.Tv