Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Lənkəranda zona müşavirəsi keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Lənkəran rayonunda Lənkəran, Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarının Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK), səhiyyə müəssisələrinin və həkim-məsləhət komissiyalarının rəhbər şəxsləri və əməkdaşlarının iştirakı ilə zona müşavirəsi keçirib. APA TV-nin cənub bürosunun məlumatına görə, tədbirdə tibbi-sosial ekspertiza sisteminin təkmilləşdirilməsi sahəsində aparılan islahatlar barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov əsas məqsədin bu sahənin avtomatlaşdırılması və əlilliyin müəyyən olunmasında mütərəqqi yanaşmaların tətbiqi olduğunu vurğulayıb. Bildirib ki, Nazirlik tərəfindən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sistemi hazırlanaraq istifadəyə verilib. Hazırda müvafiq qurumlar arasında əlilliklə bağlı sənəd dövriyyəsi bu sistemdə elektron mübadilə şəraitində aparılır. Səhiyyə Nazirliyinin təsdiq etdiyi göndəriş formaları TSEK-lər tərəfindən elektron şəkildə qəbul edilir, əlillik təyinatı barədə qəbul edilmiş qərarlar isə sistemdəki elektron bazaya yerləşdirilir.

 

Müşavirədə əlillik təyinatı üçün göndəriş formalarının tərtib olunması sahəsində mövcud  vəziyyət, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin iş prinsipləri, göndəriş formalarının ümumi elektron informasiya sisteminə inteqrasiyası, əlillik müayinələrinin nəticələrinin elektron məlumat bazasına daxil edilməsi və s. barədə praktik məlumat verib.

 

Müəllif | Apa.Tv