Daşqın Şikarov: “Ermənistan Pakistanla diplomatik əlaqələr qurmağa çalışır”

“Son zamanlar Ermənistan çox ciddi cəhdlə Pakistanla diplomatik münasibətlər qurmağa çalışır”.

 

Bunu APA TV-yə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib. Səfir bildirib ki, Pakistanın bu məsələdə mövqeyi birmənalıdır:  “Pakistan əvvəllər olduğu kimi, yenə də birmənalı olaraq vurğulayır ki, öncə işğal olunmuş Azərbaycan torpaqlarını azad edin, daha sonra Pakistanla Ermənistan arasında diplomatik münasibətlər qurula bilər. Bu da Pakistanın Azərbaycana verdiyi dəyərin göstəricisi, eyni zamanda prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Azərbaycanın mövqeyi beynəlxalq aləmdə güclənir, dostları artır və dostlar da mövqelərini birmənalı olaraq bildirirlər”.

 

Pakistanın bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəklədiyini deyən diplomat əlavə edib ki, Pakistan və Azərbaycan arasında iqtisadi əlaqələr siyasi əlaqələrin inkişafı fonunda geri qalır. Hazırda Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 50 milyon dollar təşkil edir. Bu rəqəmlərin artması məqsədi ilə Bakıda səfərdə olan pakistanlı iş adamları ilə iqtisadi sahəni əhatə edən bir çox sənədlər imzalanıb: "Pakistan Azərbaycana düyü, tekstil ixrac edəcək. Eyni zamanda Azərbaycandan da Pakistana təxminən neft enerji məhsullarının ixracı nəzərdə tutulur. Yaxın gələcəkdə iqtisadi əlaqələrdə olan mövcud problemlər aradan qaldırılacaq. 2015-ci ilin sonuna qədər iqtisadi əlaqələrdəki dövriyyəmiz 300-400 milyon dollara çatacaq".

 

Daşqın Şikarov Pakistan prezidentinin Bakıya səfəri çərçivəsində ilk dəfə olaraq, məhkumların qarşılıqlı ekstradisiyası haqqında da sənəd imzalandığını diqqətə çatdırıb.

 

Pakistanın Azərbaycanın terrorizm və cinayətkarlığa qarşı mübarizə sahəsində təcrübəsindən bəhrələnmək istədiyini qeyd edən diplomat bildirib ki, Pakistan dünyada terrorizmdən ən çox əziyyət çəkən ölkələrdən biridir.

 

Daşqın Şikarov qeyd edib ki, Azərbaycanda törədilən cinayətlərin demək olar ki, 98 faizi açılır. Amma Pakistanda bu göstərici yarıbayarıdır.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı