Azərbaycanı "Eurovision 2015"də Elnur Hüseynov təmsil edəcək

Martın 15-də Azərbaycanın İctimai Televiziyası (İTV) ölkəni bu il “Eurovision” Mahnı Müsabiqəsində təmsil edəcək müğənninin adını açıqlayıb. İTV-dən APA TV-yə verilən məlumata görə, Azərbaycanı müsabiqədə Elnur Hüseynov təmsil edəcək. O, “Hour of the Wolf” mahnısını ifa edəcək.

 

Qeyd edək ki, E. Hüseynov 2008-ci ildə də duet ortağı Samirlə birlikdə “Day After Day” mahnısı ilə Azərbaycanı “Eurovision”da təmsil edib.

 

E. Hüseynov “Eurovision 2015”i  özünü solo ifaçı kimi təsdiq etmək üçün “böyük şans” adlandırıb: “Mahnıma güvənirəm, çünki çox güclü ismarıcları var. Bu, həqiqətən də böyük mənası olan bir mahnıdır. Ən önəmlisi “bir savaşa layiqdir ürək” mesajıdır – biz heç vaxt təslim olmamalıyıq. Öz xoşbəxtliyimiz və daha yaxşı gələcəyimiz üçün daim savaşmalıyıq. "Eurovision"-a bu ismarıcı avropalılarla paylaşmaq üçün gedirəm”.

 

E. Hüseynov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, eləcə də Dövlət Filarmoniyasının solisti olub. O, “Notre-Dame de Paris” müziklının Azərbaycan versiyasında Foebus partiyasını ifa edib. Elnur həmçinin beynəlxalq səs istedadları şousu - “The Voice”-un Türkiyə versiyası olan “O səs Türkiyə”nin qalibi olub.

 

Xatırladaq ki, Azərbaycan 2008-ci ildə "Eurovision" Mahnı Müsabiqəsində uğurla debüt edib. 2011-ci ildə Ell və Nikki ifa etdiyi mahnı ilə qalib gəlib. 2012-ci ildə Bakı 42 ölkənin iştirakı ilə müsabiqəyə ev sahibliyi edib.

Müəllif | Apa.Tv
Apa.tv