Ucarda yaşayış evi yanıb
Ucarda evdə yanğın olub. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Oğuz küçəsi, ev 16 ünvanında qeydə alınıb. Şəhər sakini 1945-ci il təvəllüdlü Babayev Rasim Mövsüm oğluna məxsus 1 mərtəbəli 4 otaqlı evdə güclü yanğın baş verib. Evdə tək yaşayan R.Babayev yanğın baş verən zaman evdə olmadığından hadisə barədə yanğınsöndürənlərə qonşular xəbər verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar Rayon Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 169 kvadratmetr olan evin 103 kvadratmetri yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi, ona bitişik 120 kv.m digər tikili və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Yanğın zamanı ölən və xəsarət alan olmayıb. Hadisənin dəqiq baş vermə səbəbi araşdırılır.