Moskvada itkin düşmüş 17 yaşlı azərbaycanlı qızın donaraq öldüyü iddia edilir
Üç ay əvvəl Moskva vilayətində itkin düşən 17 yaşlı Qumru Mirsaleh qızı Əhmədovanın donaraq öldüyü ehtimal edilir. APA TV-nin Moskva müxbirinin məlumatına görə, bu gün Q.Əhmədovanın ailəsi tapılmış meyitə baxış keçirib. Əhmədovlar ailəsi cəsədi aşkarlanan şəxsin Qumru Əhmədova olduğunu təsdiqləyib.
Moskva vilayətinin Dolqoprudnıy şəhərindəki Azərbaycan diasporunun rəhbəri Namus Nağıyev APA-ya açıqlamasında bildirib ki, dünən axşam saatlarında polis Qumru Əhmədovanın atasında zəng edərək cəsədin tapıldığını deyib: "Qumrunun donmuş cəsədi onun itkin düşdüyü yerdən 10 dəqiqəlik məsafədə yerləşən kombinatın həyətində tapılıb. Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Üstündəki telefon, qızıl əşyalarına toxunulmayıb. Qızı qarın altından tapıblar".
11-ci sinif şagirdi Qumru Əhmədova ötən il dekabrın 26-da sinif yoldaşları ilə dərs ilinin ikinci rübünün bitməsini qeyd ediblər. Məclisdən tez çıxan Qumru həmin vaxtdan itkin düşüb.