"Barcelona" və "Real Madrid"in ulduz futbolçuları Bakıda püşk atdılar
Bu gün "Bakı-2015"-in çimərlik futbolu yarışlarının püşkü atılıb. Yarışda mübarizə aparacaq 8 komanda iki qrupa bölünüb. Qaydalara əsasən, Azərbaycan millisi meydan sahibi kimi A qrupunun, son Avropa çempionu Rusiya isə B qrupunun birincisi olub. Digər komandalar isə püşkə əsasən bölünüb. Bakıda qonaq olan “Real” və “Barselona”nın sabiq oyunçuları komandaların adlarını təqdim edib. Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi bildirib ki, Avropa oyunları bu idman növünün inkişafına güclü təkan olacaq. Federasiya prezidenti komandasını ilk üçlükdə yer alacağına ümid edir. Millimiz də oyunlara ciddi hazırlaşır. Komandanın kapitanı Emin Kürdov deyir ki, azarkeşlərin dəstəyinə ehtiyacları var: "Biz hər bir qrupa hazır idik. Bizim üçün fərqi yox idi. Öz işimizi görürük. Ancaq yenə də çalışacağıq ki, maksimum yaxşı nəticə göstərək".
Fəxri qonaqlar arasında olan Fransa futbolunun canlı əfsanəsi, futbolçu kimi dünya və Avropa çempionu, Madrid “Real”ının heyətində 2 dəfə Çempionlar Liqasının qalibi olmuş, hazırda isə FİFA-nın səfiri kimi çalışan Kristian Karambe Bakı haqqında təəssüratların bölüşüb: "Bakıya gəlməyimdən olduqca şadam. Mən buranı kəşf etdim. Bakıdakı bu obyektləri, infrastrukturu gördüm. Çox ecazkardır. Həm dövlətiniz, həm də federasiyalar bu idman qurğularını Bakıya gələcək idmançıların istifadəsinə tam hazırlayıb. Avropa Oyunlarına öz töhfəmi vermək üçün yenə Bakıya səfər edəcəyəm".
Su futbolu üzrə ulduz elçisi olan Bəhram Bağırzadə deyir ki, o da oyunlara idmançılarla birlikdə hazırlaşır: "Bir səfir, bir bakılı kimi bütün Azərbaycan futbol azarkeşlərini çimərlik futboluna dəvət edirəm. Azərbaycan yığması ən az 3 oyun oynayacaq. Dəstəkləmək lazımdır".
Qeyd edək ki, A qrupunda Azərbaycanın rəqibləri Portuqaliya, İsveçrə, Ukrayna yığmalarıdır. B qrupunda isə Rusiya, İspaniya, İtaliya və Macarıstan mübarizə aparacaq.