İçəri Şəhərdə Beynəlxalq Novruz Festivalı keçiriləcək

Novruz bayramı bu il də İçəri Şəhərdə təntənəli şəkildə qeyd olunacaq. 

 

APA TV-nin xəbərinə görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi martın 20-dən 23-nə kimi II Beynəlxalq Novruz Festivalının keçirilməsini nəzərdə tutub. Festivalda Azərbaycanla yanaşı bu bayramı qeyd edən yeddi ölkənin (Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Tacikistan və Qırğızıstan) nümayəndələri də iştirak edəcəklər. Festival günlərində Qoşa Qala Qapısı meydanında “Meydan Bazarı” təşkil olunacaq. Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi “Meydan Bazarında” hər bir ölkənin mədəniyyətini əks etdirən video-filmlər, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşurlar, milli mətbəx nümunələri sərgilənəcək. Hər gün Qoşa Qala Qapısı Meydanında, Qız Qalası Meydanında və Əliağa Vahidin heykəli qarşısında konsert proqramları keçiriləcək. Bayram tədbirləri çərçivəsində İçəri Şəhərlə yanaşı, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçiriləcək. “Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova