Bu gün İlaxır çərşənbədir

"Od, su, yel oyanandan sonra ən sonda torpaq çərşənbəsi gəlir. Bütün həyatı torpaqla bağlıdır. Bununla da yer üzündə həyatın oyanışı başa çatır. Ona görə də axır çərşənbəni daha təmtəraqlı edirlər".   

 

Bunu APA TV-yə etnoqraf Tahir Şahbazov  deyib. Onun sözlərinə görə, çərşənbələr sırasında Torpaq çərşənbəsinin xüsusi yeri var. Torpaq yaranışın maddi əsasıdır və yazda torpağın oyanması özünün mifik kökləriylə dirilməyə, canlanmaya bağlıdır.

 

Axır çərşənbədə plov dəmlənər, süfrələr bəzənər, üstünə səməni, xonça düzülər, şam yandırılar, papaq atmağa, qulaq falına çıxarlar. Qədim el adətlərinə və inanclara görə, axır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən atlanar, kəlin buynuzuna qırmızı bağlar, qorxanların başından su töküb qorxunu alarlar, evdən pul çıxarmaz, qonşuya ələk verməzlər...

 

Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırdığın şamı yarımçıq söndürülməzlər, evdən kimsəyə od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Bu kimi adət-ənənələrdən əlavə, Novruz falları da çox məşhurdur. İlin axır çərşənbə axşamı gecəsi cavan qızlar bir yerə yığışırlar. Bir qaba su töküb, əllərindəki üzüklərini saçlarına taxır, ürəkdə niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır, qabın divarlarına dəyir. Üzük qaba neçə dəfə dəysə, sayırsan, beləliklə ərə gedəcəyin vaxtı bilirsən...

 

Bəzi bölgələrdə yası düşmüş ailələr İlaxır çərşənbə günü qara bayram keçirir, qəbiristana baş çəkib, bütün ölmüşlərini yad edər, onların adına  evdə qazan asar, ruhuna dualar oxunar.

 

İnanclarımıza görə, İlaxır çərşənbə bütün arzuların reallaşdığı bir gündür. Hər kəsin niyyət və dualarının çin olması arzusu ilə, Bayramınız mübarək!

 

Müəllif | Apa.Tv